Nizamnamə

Nizamnamə

 Maddə 1.  Birliyin adı və baş ofisi

Birliyin Adı “Azərbaycan Naminə Demokratiya” – dır.

Birlik Avropa paytaxtı Strazburq şəhəri, 22 rue Staedel ünvanında yerləşir.

Birlik Strazburq şəhərinin İctimai Birliklərin Reyestrində qeydiyyatdan keçir və yerli Mülki Məcəllənin 21 – 79 / III maddələri ilə tənzimlənir.

 

Maddə 2. Birliyin mövzusu

Birlik Azərbaycanda azad cəmiyyət quruculuğu üçün bütün yerli və beynəlxalq qaydalara hörmət edərək aşağıdakı məqsədlər uğrunda çalışır :

  1. Azərbaycan Respublikasında insan hüquqları və demokratiyanı müdafiə etmək
  2. Azərbaycan Respublikasında yazılı və elektron mətbuatın azad fəaliyyətinə nail olmaq və onlara dəstək vermək
  3. Azərbaycan Respublikasında bütün səviyyələrdə (yerli, parlament, prezident) keçirilən seçkilər və ümumxalq səsverməsinin (referendum) ədalətli keçməsi üçün çalışmaq
  4. Siyasi təqiblərə məruz qalmış (siyasi məhbus, siyasi səbəblərə görə işdən çıxarılmış, təhsil hüququndan məhrum edilmiş və s.) insanların sosial müdafiəsi, onlara mənəvi dəstək və hüquqi yardım göstərmək
  5. Azərbaycanda demokratiya uğrunda gedən mübarizəyə Qərb ölkələrində dəstək vermək və lobbiçilik etmək
  6. Avtoritarizmi dəstəkləyən qərb ölkələrindəki siyasətçilərə və qurumlara ictimai qınaq və etimadsızlıq tədbirləri görmək
  7. Qərb ölkələrində yaşayan Azərbaycanlıları təşkilatlandırmaq və onların Azərbaycanda gedən demokratik mübarizəyə dəstəyinə nail olmaq.
  8. Azərbaycanda fəaliyyət göstərən siyasi institutların, partiyaların, QHT-lərin sərbəst fəaliyyətinə maneələri ortadan qaldırmaq
  9. Ayrı-seçkiliyin bütün təzahürlərinə (milli, dini, siyasi, cinsi və s) qarşı mübarizə aparmaq
  10. Azərbaycanın milli maraqlarını mülki yollarla dünyada təbliğ etmək, o cümlədən regional güclərin Azərbaycanının müstəqilliyi, ərazi bütövlüyü və sekulyar dünya görüşünü təhdid edən meyllərinə qarşı dünya birliyində dəstək təmin etmək
  11. Regionda demokratikləşmə uğrunda gedən bütün proseslərə dəstək vermək, müxtəlif yerli dillərdə demokratik dəyərləri təbliğ etmək və regionun bütün demokratik qüvvələrilə əməkdaşlıq etmək
  12. Azərbaycan xalqının dünyadakı mülki sözçülüyünü icra etmək, o cümlədən dünya birliyi ilə Azərbaycan xalqı arasında qeyri-hökumət ünsiyyətini təmin etmək
  13. Dünyanın taleyüklü məsələləri, o cümlədən antiterrorizm, uğurlu miqrasiya, sülh və ekoloji təşəbbüslərdə azərbaycanlıların sivil diplomatiyasında iştirak etmək

 

Maddə 3. Birlik fəalliyyətlərinin icra vasitələri

Öz məqsədlərinə çatmaq üçün Birlik aşağıdakı vasitələri səfərbər edir :

  • Avropa və Dünya siyasi və ictimai təsisatları ilə işgüzar əlaqələrin yaradılması
  • Avropa və beynəlxalq media quruluşları ilə sıx münasibələrin yaradılması
  • Azərbaycandan olan siyasi mühacirlərin Azərbaycanda demokratiyanın qurulması və möhkəmləndirilməsi üçün təşkilatlandırılması
  • Avropada və dünyanın müxtəlif ölkələrindəki siyasi mühacirlərin inteqrasiyası, yerli dəyərlərə uyğunlaşması
  • Ardıcıl görüşlər təşkil edərək mətbuat, televiziya, radio, sosial şəbəkə və akademik dairələrdə koordinasiyalı hərəkət edilməsi
  • Mülki nümayişlər təşkil edilməsi, media fəalliyyətləri icra edilməsi, yayımlar edilməsi, müxtəlif qurum və şəxslərə mail və məktublar göndərilməsi, imza toplama kampaniyaları təşkil edilməsi və s.

 

Maddə 4. Birliyin fəaliyyət müddəti

Birliyin fəalliyyət müddəti qeyri-məhduddur.

 

Maddə 5. Birliyin maliyyə resursları

Birliyin balansında qanuni yolla əldə edilmiş və Birlikın nizamnamə vəzifələrini yerinə yetirmək üçün lazım olan daşınar və daşınmaz əmlak ola bilər.

Birliyin əsas resursları qrantlar, üzvlük haqları və ianələr vasitəsiylə formalaşır.

Birlik şübhəli mənbələrdən, cinayətkar qruplaşmalardan, Fransa dövlətinin, Avropa qanunvericiliyinin qadağan etdiyi, Azərbaycan Respublikasının milli təhlükəsizliyini təhdid edən mənbələrdən maliyyə dəstəyi qəbul edə bilməz.

 

Maddə 6. Üzvlər

Milli, irqi, dini, cinsi və digər bütün müxtəlifliklərdən asılı olmayaraq, insan hüquq və azadlıqlarına, demokratiya ideallarına hörmət edən hər kəs üzv ola və bərabər hüquqla idarəçiliyə qatıla bilər.

 

Maddə 7. Üzv olmanın şərtləri

Birliyin İdarə Heyətinə məktubla müraciət edərək sadə səs çoxluğunu əldə edən hər kəs birliyin üzvlüyünə nail ola bilər. Üzvlüyün rədd edilməsi halında iddiaçı məktubla birlik Ümumi Yığıncağına müraciət edə bilər.

 

Maddə 8. Üzvlüyün itirilməsi

Üzvlük aşağıdakı hallarda itirilir :

  1. Üzv öz istəyilə istefa ərizəsi yazaraq
  2. İdarə heyəti üzvlərinin birinin təklifi və İdarə Heyətinin 2/3 – inin səsverməsi ilə

Xaric edilmiş üzv Ümumi Yığıncağa müraciət edərək və 66 % səs çoxluğu ilə üzvlüyünü bərpa edə bilər.

 

Maddə 9. Ümumi Yığncaq (Qurultay)

Qurultay bütün üzvlərin toplandığı yığıncaq olub, ən ali qurumdur. İldə bir dəfə, İdarə Heyətinin sadə səs çoxluğu ilə toplanır. Bundan əlavə növbədənkənar yığıncaqlar da təyin edilə bilər. Növbədənkənar ümumi yığıncaq da İdarə Heyətinin sadə səsçoxluğu ya da Qurultayın 30%-inin istəyi ilə təyin edilə bilər. Yığıncaq ən tez bu qərarın çıxarılmasından  15 gün sonra toplana bilər. Növbədənkənar Ümumi yığıncaqda onlayn iştirak da nəzərdə tutula bilər.

 

Maddə 10. Ümumi yığıncağın (Qurultay) səlahiyyətləri

Qurultayın səlahiyyətləri aşağıdakılardır :

  1. İllik büdcənin müəyyən edilməsi
  2. Mühasibatın təsdiq edilməsi
  3. Üzvlük haqqının təyin edilməsi
  4. İdarə Heyətinin seçilməsi
  5. Başqa bir orqana verilməyən digər bütün səlahiyyətlər

Qərarların alınması üçün üzvlərin yarısı ya əyani, ya da onlayn olaraq iclasa qatılmış olmalıdır. Əks təqdirdə, yığıncağın vaxtı dəyişdirilir. İkici yığıncaqda yetərsaya nail olunmadığı halda qərar iştirakçıların sayından asılı olmayaraq sadə çoxluqla qəbul olunur.

Hər bir üzvün bir tək səs haqqı vardır.

Qurultayın bütün müzakirələri qeyd edilir və yekun protokol sessiyanın sədri tərəfindən imzalanır. Sessiyanın sədri funksiyası Birliyin həmsədri tərəfindən icra olunur.

 

Maddə 11. İdarəçilik

Birlik 13 Administrator və 2 Həmsədr və katiblik tərəfindən idarə olunur. İdarə heyətinin tərkibi Qurultay tərəfindən ümumi səsvermə ilə 4 illik müddətə seçilir. Ayda ən azı bir dəfə toplanan İdarə Heyəti dinləmə və məsləhətləşmə məqsədiylə digər üzvləri iclasa dəvət edə bilər.

Ümumi Yığıncağın 30 % – inin təklifi ilə istənilən Administratorun mandatı yenidə səsverməyə çıxarıla bilər. Üzvlərin 51%-inin dəstəyini əldə edə bilməyən Administrator mandatını itirir.

Eyni zamanda, İdarə heyətinin sadə çoxluğu ilə istənilən Administratorun mandatı Qurultaya təqdim edilə bilər.

11.1 İdarə heyəti Qurultayın qərarlarını icra edir və Birliyin məqsədlərinə aparan vasitələrdən istifadə edir. İdarə Heyəti Katibliyin tərkibini, maliyyə vəsaitlərinin ayrılmasını, rəsmi görüşlərin təşkilini, layihələrin icrasını və Birliyin uğurlu təmsil edilməsini təmin edir.

11.2 Həmsədrlər Birlik adından ictimaiyyətlə əlaqələri, müqavilə və əməliyyatları, İdarə heyətinin və Qurultayın koordinasiyasını, nizamnamə və Birlik maraqlarının qorunmasını həyata keçirirlər və müxtəlif qurumlarla əlaqələrin formalaşmasında aktif iştirak edirlər. Həmsədrlər bərabər hüquqa sahibdirlər.

11.3 Katiblik İdarə Heyəti tərəfindən sadə səsvermə ilə bir illik təyin edilən xəzinədar və katibdən ibarətdir.

11.4 Xəzinədar Birliyin maliyyə dövriyyəsini, hesabatları, büdcənin texniki idaretməsini təmin edir.

11.5 Katib İdarə Heyətinin ictimaiyyətlə əlaqələrin idarə edilməsi, müraciətlərin qəbulu, yazılı məlumat və bəyənatların yayılması, gündəlik kargüzarlıq və büro inzibatçılığını təmin edir.

 

Maddə 12. Nizamnamənin dəyişdirilməsi

Nizamnamənin və məqsədlərinin dəyişdirilməsi Qurultay tərəfindən, 66% səs çoxluğu ilə edilə bilər. Dəyişiklik təklifi İdarə Heyətinin sadə çoxluğu və ya Qurultayın 30%-inin rəyini əldə edən üzvlər tərəfindən edilə bilər.

Qurultayın təşkili bu Nizamnamənin 10. Maddəsində nəzərdə tutulan şəkildə həyata keçirilir.

 

Maddə 13. Nizamnamənin qəbulu

Bu Nizamnamə 10 Sentyabr 2016 – cı il tarixdə Strazburq şəhərində 22 Rue Staedel ünvanında toplanmış Təsiscilər Məclisində qəbul edilmişdir.