AND Haqqında

2016- cı ilin sentyabr ayının 11-də Strasburq şəhərində Azərbaycandan olan mühacirlərin bir qrupu AND (Azərbaycan Naminə Demokratiya) adlı ictimai-siyasi təşkilat yaratdıqlarını elan etdilər.

AND kimi bir təşkilatın yaradılması ilə bağlı müzakirələr isə 2016- cı ilin əvvəllərindən başlayaraq gedirdi. Bu təşəbbüs keçmiş səfir, 2015- ci ilin yayında Azərbaycandakı despotik rejimin davranışlarına etiraz olaraq, siyasi mülahizələrə görə vəzifəsindən istefa verən Arif Məmmədova və “Azadlıq” qəzetinin və Turan TV-nin baş redaktoru olan, Fransada mühacirətdə yaşayan Qənimət Zahidə məxsusdur. Bir neçə ay ərzində AND-ın rəsmən quruculuğu, quruluş sənədləri, hüquqi statusu və digər məsələlərlə bağlı müzakirələr getdikdən sonra 2016- cı ilin sentyabr ayında təşkilatın təsis konfransı keçirilib və AND təşkilatı rəsmən elan edilib. Bundan dərhal sonra təşkilatın sənədləri Fransada uyğun dövlət qeydiyyatından keçib və AND rəsmən qeydə alınmış, hüquqi statusu olan təşkilat kimi fəaliyyətə başlayıb.

AND-ın ilk təsis toplantısında Nizamnaməyə uyğun olaraq təşkilatın həmsədrləri seçildi:

  • Səfir Arif Məmmədov
  • Qənimət Zahid

AND-ın təsis konfransında Azərbaycandan dəvət edilmiş iki nəfər nümayəndə iştirak edib. Bunlardan biri Milli Şuranın sədri, professor Cəmil Həsənli, o biri isə Müsavat Partiyasının Divan üzvü, Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu idi.

AND-ın əsas məqsədləri onun proqramında bildirilir:

  • Mühacirətdə olan azərbaycanlıları ölkədə gedən ictimai- siyasi proseslərə dəstək məqsədilə koordinasiya etmək;
  • Avropada dövlət və qeyri- hökumət təşkilatları ilə AND-ın Proqram məqsədləri üzrə sıx əməkdaşlıq qurmaq;
  • Avropa mətbuatı ilə münasibətləri intesnvləşdirmək yolu ilə ictimai rəydə Azərbaycanın mənafelərini müdafiə etmək;
  • Azərbaycanda diktaturaya və ailə hakimiyyətinə qarşı siyasi mübarizə aparan müxalifət qüvvələrinin Avropadakı təmsilçisi kimi fəaliyyət göstərmək və sairə.

2017- ci ilin mart ayının 4-də AND təşkilatı öz proqram məqsədlərini daha da təkmilləşdirmək, gələcək fəaliyyət istiqamətlərini müzakirə etmək üçün Çexiyanın paytaxtı Praqada konfrans keçirdi. Konfransda AND həmsədrlərinin, eləcə də təşkilatın digər təmsilçilərin geniş məruzələri dinlənildi. Bu konfrans sosial şəbəkələr və Turan TV üzərindən canlı olaraq yayıldı. Konfransda MeydanTVnin rəhbəri Emin Milli və İRFSin keçmiş rəhbəri, indi İsveçrəyə mühacir edən Emin Hüseynov da iştirak etmişdilər.

2017- ci ilin sentyabr ayında AND təşkilatı Strasburqda növbəti konfransını keçirtdi. Bu konfransda ANDın 5 mühüm komitəsi yarandı və onlar öz işlərinə dərhal aktivliklə başladılar. Konfrans zamanı Gündüz Ağayevin Azərbaycanda Siyasi Məhbuslara həsr olunan karikaturalar nümayiş olunmuşdur. Konfrans iştirakçıları Avropada Laundromat kimi tanınan böyük skandala səbəb olmuş hadisənı də müzakirə etmişdilər.

 

Daha sonra, 2017- ci ilin dekabr ayının 12-də AND təşkilatı növbəti konfransını Almaniyanın Düsseldorf şəhərində təşkil edib və konfransın işində Azərbaycandan yenə də Milli Şuranın sədri, professor Cəmil Həsənli və Müsavat Partiyasının Divan üzvü, Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu rəsmən dəvət edilmiş qonaq olaraq iştirak ediblər. Düsseldorf konfransında AND üzvlərinin bir qrupuna ilk dəfə olaraq təşkilata üzvlük vəsiqələri təqdim edilib. Bu konfransda, eyni zamanda təşkilata üzvlük haqqının sistemləşdirilməsi və AND-ın növbəti fəaliyyətində Azərbaycandakı siyasi həbslərlə bağlı ilk əməli təşəbbüsün əsası qoyulub. Yəni, AND Azərbaycanda siyasi dustaqlara yardım edilməsi üçün təşəbbüs irəli sürüb. Bundan əlavə, hələ Praqa konfransda AND-ın prioritet fəaliyyət istiqamətləri ilə bağlı yaradılan komissiyaların işinin yenidən təşkil edilməsi məsələsi müzakirə edilib, uyğun qərarlar verilib.

AND-ın növbəti konfransı 2018- ci ilin may ayının 19-da Almaniyanın Maynz şəhərində keçirilib. Bu konfransda Azərbaycandan Milli Şuranın sədri Cəmil Həsənli iştirak edib, Toqfiq Yaqublu isə obyektiv səbəblərə görə qatıla bilməyib. AND-ın Maynz şəhərindəki konfransı həm Azərbaycan Respiblikanın 100 illiyi münasibəti ilə, həm də təşkilatın növbəti mərhələ üçün müəyyənləşdirməli olduğu fəaliyyət istiqamətlərinin müzakirəsinə həsr edilib. Maynz konfransında AND-ın ilk qurultayının keçirilmısi üçün qərar verilib və qurultayın yeri və günü müəyyən edilib. Bu qərara əsasən AND hərəkatının ilk qurultayı 2018- ci il sentyabrın 22-də Almaniyanın Köln şəhərində keçiriləcək. Qurultay təşkilatın Nizamnaməsinə uyğun olaraq yeni komitələrin yaradılması kimi mühüm məsələni həll edəcək: ona görə ki, AND artıq müxtəlif Avropa ölkələrində, eləcə də başqa xarici ölkələrdə yaşayan çoxlu sayda azərbaycanlıları birləşdirir.Təşkilatın effektiv idarəetməsi, elan edilən kampaniyaların daha uğurlu nəticələri naminə yeni icra strukturları yaradılmalıdır.

AND elan edilən Nizamnamə məqsədləri, davamlı və sistemli fəaliyyəti, strukturlaşması, operativ reaksiya tərzi ilə seçilən mühacir təşkilatıdır. Bu təşkilat birdəfəlik siyasi efektlər üçün deyil, daha çox, uzunmüddətli, strateji məqsədlər üçün işləyən ciddi və konstruktiv təşkilatdır. Əvvəldə qeyd etdiyimiz kimi, onun Avropa strukturları və mediası ilə işgüzar əlaqələri var, bu əlaqələr daima dərinləşdirilir və möhkəmləndirilir.

AND Azərbaycan hakimiyyətinin ölkədəki demokratik azadlıqları boğmaq və repressiyaları dərinləşdirmək üçün uzun illər ərzində tətbiq etdiyi və dünya politolji dilinə «kürü diplomatiyası» kimi düşmüş pis gerçəkliyin ifşa edilməsində, bu məsələ ilə bağlı ciddi araşdırma- istintaqın aparılmasına bilavasitə qatqısı olan ictimai təsisatdır.